Zakir Həsənov Rusiya sülhməramlılarının olduğu ərazi ilə bağlı tapşırıq verdi

XƏBƏR
15:13
10 Dekabr 2022
275

Dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Sabah.az xəbər verir ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

İclasda çıxış edən nazir müavinləri Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin inkişafı və təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıblar.

Sonra Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən Azərbaycan-Türkiyə birgə təliminin nəticələri təhlil edilib. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən "Qardaş yumruğu" təliminin xüsusi əhəmiyyətə malik olduğu və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyi bildirilib.

Müşavirənin yekununda çıxış edən general-polkovnik Z.Həsənov birgə təlimlərin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini qeyd edib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib.

Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.

Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində maye, odun, kömür yanacağı da daxil olmaqla yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılmasına dair aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verib.

Sonda şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbər lenti