DYP-dən sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq

ÖLKƏ
11:05
10 Dekabr 2022
476

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Sabah.az xəbər verir ki, İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hazırda ölkə ərazisində yağışlı, dumanlı hava şəraiti müşahidə olunur.

“Bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Bununla yanaşı, yağışlı havanın xüsusilə moped və motosiklet idarə edən şəxslər üçün təhlükəli olduğunu nəzərə alaraq, sifarişli çatdırılma xidməti göstərən şəxslərdən bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edirik”, - qurumdan vurğulanıb.

Xəbər lenti