Oğurladığı 23 min manatı əyləncəyə, brend geyimlərə xərclədi

XƏBƏR
11:55
9 Dekabr 2022
236

Balakəndə qonşusunun evindən 23 min manatı oğurlayıb öz əyləncəsinə xərcləyən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətindən Sabah.az-a verilən məlumata görə, rayonunun Tülü kəndində  yerləşən evlərin birindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan 12 min ABŞ dolları, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, P.Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib.

Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Pərviz Umudovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Xəbər lenti