Generallar “Nərmin işi” ilə bağlı məhkəməyə çağırıldı

XƏBƏR
15:58
8 Dekabr 2022
273

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəməyə çağırılması tələb olunub. Bu barədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri dekabrın 7-də məhkəmədə vəsatət qaldırıblar.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, cinayət işinin materiallarından müstəntiqin İlkinin telefonunu tədqiq etmək üçün Arzu Daşdəmirova verdiyi görünür:

“Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?”.

Məlumat üçün bildirək ki, “Nərmin işi”ndə İlkin Süleymanova qarşı əsas sübutlardan biri onun telefonudur. İddia olunur ki, İlkinin telefonunda müxtəlif vaxtlarda “Youtube”da cizgi filmlərinə baxış olub. İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara da baxılıb.

İlkinin vəkilləri deyir ki, o, 6 yanvar 2020-ci ildə, axşam saat 20.00 radələrində saxlanılıb və telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq saxta sübutlar yaratmağa cəhd göstərilib. Vəkillərin sözlərinə görə, Süleymanov 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Belə ki, ekspertlər də telefona müdaxilə edildiyini daha əvvəl təsdiqləyiblər.

Ötən prosesdə vəkillər ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin dindirilməsini istəmişdi. Belə ki, aparıcı yanmış meyit tapılandan bir gün sonra efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçasıyla 5 zərbə endirilib, həm də 5 gün öncədən öldürülüb. Müdafiəçilər deyib ki, fevralda verilmiş rəyi, yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?! Nərminin atası Şərif Quliyev bildirib ki, Zaur yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Məhkəmə Zaur Baxşəliyevi çağırıb dindirməyə razılıq verməyib.

Generalların çağırılıb dindirilməsi məsələsi isə açıq qalıb.

Qeyd edək ki, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayora bərabər tutulan xüsusi hərbi rütbə), DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov isə polis general-mayorudur.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib. Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanov tutulub. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Xəbər lenti