DSX-nin Akademiyasındakı yanğın söndürüldü - Video+Yenilənib

HADİSƏ
18:13
6 Dekabr 2022
503

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında yanğın başlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb:

“Bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Xəbər lenti