Kaliforniyada Azərbaycanın təqdimatı keçirilib - Fotolar
ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərindəki De Varqas ibtidai məktəbində Zəfər Günü çərçivəsində Azərbaycanın təqdimatı keçirilib.
Sabah.az xəbər verir ki, Kaliforniyada yaşayan soydaşımız Kənan Hacıyevin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən xalçalar, milli geyimlərimiz, musiqi alətlərimiz, suvenirlər, ləziz təamlar, torpaqlarımızın azadlıq rəmzi olan “Xarı bülbül” çiçəyi, Qarabağ atları və Azərbaycanın hazırkı inkişafı barədə məlumat lövhəsi nümayiş etdirilib.
Qonaqlara Zəfər tariximiz və multikultural dəyərlərə malik ölkəmiz barədə ətraflı məlumat verilib. Yerli sakinlərlə birlikdə xalqımızın birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsi ifa edilib, milli əyləncələrimizə diqqət cəlb olunub. Məktəbin müəllim-şagird heyəti və valideynlər təqdimatı böyük maraq və rəğbətlə qarşılayıblar.
Tədbirin təşkilində azərbaycanlı ailələr və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərmin Babayeva fəal iştirak ediblər.
Qeyd edək ki, Kənan Hacıyevin övladları həmin məktəbdə təhsil alırlar. Məktəbin ənənəsinə görə, burada təhsil alan müxtəlif xalqların nümayəndələri hər il ölkələrinin milli-mədəni irsinin təbliği ilə bağlı təqdimatlar keçirirlər.
Daha çox