Narkotik alverçisini girov götürüb öldürən “Tayson” və dostlarına hökm oxundu
2020-ci ildə Xırdalan şəhərindəki AAAF Park yaşayış massivində narkotik alverçisi Ceyhun Xəlilovu oğurlayaraq şantaj edən və onu döyərək ağır xəsarətlər yetirməklə ölümünə səbəb olmuş şəxslərin məhkəməsi başa çatıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Rasim Ramazanov, Xanlar Balayev və İmaməddin Əliyevə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Biləcərili Rasim” və “Tayson” ləqəbi ilə tanınan R.Ramazanov Cinayət Məcəlləsinin 145 (Qanunsuz azadlıqdan məhrum etmə), 182 (Hədə-qorxu ilə tələb etmə) və 228-ci (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 13 il, Xanlar Balayev 7, “İmaş” ləqəbli İmaməddin Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı üzə çıxıb ki, idmançı kimi tanınan, həmçinin narkotik vasitə aludəçisi olan Rasim Ramazanov 23 avqust 2020-ci il tarixində gecə saat 04 radələrində narkotik vasitə alveri ilə məşğul olduğunu bildiyi Ceyhun Xəlilovu AAAF Park-ın həyətinə görüşə çağırıb. Bu zaman o, tanışları Xanlar və İmaməddin ilə birgə C.Xəlilovu həmin yaşayış kompleksində kirayə tutduğu evə aparıb. Mənzildə onlar xüsusi karate aləti ilə C.Xəlilovu döyüblər və onları daimi olaraq narkotik vasitə ilə təmin etməsi, həmçinin sərbəst fəaliyyət göstərə bilməsi üçün aylıq 3 min manat ödəniş etməsini tələb ediblər.
Ağır xəsarətlər alan C.Xəlilov deyilənlərlə razılaşıb və 8 saat girov saxlanıldıqdan sonra ailəsinə zəng edərək pul hazırlamalarını bildirib. Onun yeniyetmə oğlu yaşayış kompleksinin həyətində 1000 manat pulu qarşı tərəfə təhvil verib. Bundan sonra “Tayson” ləqəbli şəxs və yanındakılar baş vermiş hadisə ilə bağlı C.Xəlilovu hüquq-mühafizə orqanlarına məlumat verməməsi barədə hədələyiblər. Yaşadığı mənzilə gətirilən C.Xəlilov daha sonra ailəsini də götürərək doğulduğu Yevlax rayonuna qaçıb. Lakin orada aldığı xəsarətlər səbəbindən vəziyyəti pisləşib və döyüldükdən 3 həftə sonra Yevlax şəhər xəstəxanasında daxili qanaxmadan ölüb.
O da məlum olub ki, təqsirləndirilən şəxslər dost olublar və birgə idmanla məşğul olublar.
Hadisədən sonra C.Xəlilov qorxaraq başına gələnlər barədə məlumat verməyib. 14 sentyabrda-o, vəfat etdikdən sonra idmançılardan ibarət dəstə üzvləri saxlanılıblar.
Daha çox