Ankarada “Qardaşlığımızın Zəfəri” adlı konsert keçirilib - Fotolar

XƏBƏR
13:10
8 Noyabr 2022
252

Türkiyənin paytaxtı Ankarada “Qardaşlığımızın Zəfəri” adlı konsert proqramı baş tutub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və hərbi attaşeliyi təşkilatçılığı ilə Ankara Quru Qoşunları Məktəbində keçirilib.

Proqram çərçivəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov açılış nitqi ilə çıxış ediblər.

H.Akar çıxışı zamanı Azərbaycan xalqını Zəfər Bayramı münasibəti ilə təbrik edərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını qeyd edib:

“Bizim Rusiya ilə (Ağdamda - red.) müştərək mərkəzimiz fəaliyyət göstərir, biz işimizi gecə-gündüz Azərbaycanlı qardaşlarımızla tam koordinasiyalı şəkildə davam etdiririk. Şuşa bəyannaməsi isə bizim münasibətlərimizdə ən vacib addımlardan biri oldu, ortaq addım və niyyətlərimiz burada yer aldı. Azərbaycan və Türkiyənin Ermənistana uzatdığı sülh əlinin nə qədər vacib olduğunu onların anlamaları lazımdır”.

Əhliman Əmiraslanov öz növbəsində 44 günlük müharibənin Azərbaycan və Türkiyənin qardaşlığının bariz nümunəsi olduğunu vurğulayıb. O qeyd edib ki, 30 il ərzində bu zəfəri bütün türk dünyası gözləyirdi.

“Müharibənin başladığı ilk gündən, Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Azərbaycanın haqq davasını dəstəklədi və bu dəstək davam etməkdədir. Qardaş Türkiyənin verdiyi dəstək sayəsində Azərbaycan ordusu böyük qələbə çaldı”, - deyə o əlavə edib.

Qeyd edək ki, tədbir çərçivəsində qonaqlara iki ölkənin mədəniyyətini özündə əks etdirən konsert proqramı təqdim olunub, şəhidlərə həsr olunmuş ifalar səslənib.

Xəbər lenti