Bakı-Ələt yolunda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti açıqlandı - Video+Yenilənib

HADİSƏ
16:34
29 Oktyabr 2022
558

Bakı-Ələt-Astara yolunda qəza olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib.

5 yaralının olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

***

Hadisənin ilkin səbəbi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Baki-Qazax yolunun 26-cı km-də 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına anidən piyada çıxdığından sürücü idarəetməni itirərək avtobusu aşırıb.

Hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və ölümcül xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti