Azad Rəhimovun oğlu vəzifəsindən azad olundu - Yerinə bu şəxs gətirildi

İDMAN
11:41
18 Oktyabr 2022
564

Formula - 1 Azərbaycan yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərliyində dəyişilik olub.

Sabah.az Qol.az-a istinadən xəbər verir ki, şirkətin yarandığı ilk vaxtdan onun icraçı direktoru olmuş Arif Rəhimov vəzifədən uzaqlaşdırılıb.

Onun yerinə Maqsud Fərzullayev adlı şəxsin gətirildiyi bildirilir. M.Fərzullayev bugünədək Milli Gimnastika Arenasının direktoru işləyib.

Qeyd edək ki, A.Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur. Onun vəzifəsindən hansı səbəbdən kənarlaşdırılması bilinmir.

***

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəhbər dəyişikliyi ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda bildirilir ki, Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.
 
M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində fəal iştirak etməklə bu kimi irimiqyaslı idman tədbirlərinə öz töhfəsini verib. O, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müxtəlif dövlət əhəmiyyətli layihələrində yaxından iştirak edib.
 
“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram” - deyə Arif Rəhimov söyləyib. Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar arzulayır.
 
Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel, 2023-cü il tarixlərində keçiriləcək.

Xəbər lenti