Generalın 180 minlik əmlakı müsadirə olundu - Rütbəsi də alınacaq

ÖLKƏ
16:14
11 Oktyabr 2022
553

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hökm zamanı Nizami Şirinov Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun orden və medallarından məhrum edildiyi bildirilib.

Hökmə əsasən, 8 il həbs cəzası verilən N.Şirinovun general-mayor ali rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi qərara alınıb. Bundan başqa onun 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsinə qərar verilib.

Qeyd edək ki, N.Şirinov E.Abdullayev və E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunurdu.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulmuşdu.

Xəbər lenti