Polislə sürücü arasındakı insidentlə bağlı rəsmi açıqlama - Video
Sosial şəbəkələrdə polislə sürücü arasında daha bir insidentin görüntüləri yayılıb.
Sabah.az xəbər verir ki, videoda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini bildirir. Polis sürücüdən avtomobildən düşməsini, tabesizlik göstərməməsini tələb edir. Daha sonra polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salır, sürücü isə maşının pəncərəsini qaldırır və polis əməkdaşının əli pəncərədə sıxışıb qalır. Bu zaman digər polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir. Sürücüyə “əli qırıldı, aç qapını, qudurmusan sən, polisi girov götürürsən, təhqir edirsən?” deyərək ona əli ilə zərbələr vurur. Daha sonra digər polis əməkdaşı arxa qapıdan maşına oturur.
Görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, görüntü yeni deyil:
“Sürücü 90 DH 093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Taksi fəaliyyəti ilə məşğul olub. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sonra avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır.
Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib.
Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip videomateriallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik”.
Xatırladaq ki, ötən gün də Bakıda “Axundov bağı”nın yanında sürücü ilə DYP əməkdaşı arasında bənzər insident yaşanmışdı.
Daha çox