“Xüsusi karantin pandemiyanın yayılma sürətini azaldır”

GÜNDƏM
11:20
25 Mart 2020
69

Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Sabah.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı xüsusi karantin rejiminin böyük əhəmiyyət daşıdığını bildirib:

“Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də sosial izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin sosial məsuliyyətidir. Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər.”

V.Qasımlı bildirir ki, bütün dünyada baza reproduktiv kəmiyyəti, yəni koronovirusa yoluxmuş insanların özündən başqa daha neçə insanı yoluxdurması göstəricisi nəzarətə götürülür. Başqa ölkələrdə olduğu kimi Azərbaycanın da səhiyyə sisteminin bəlli bir “kritik gücü” var. Bu gün ölkəmizdə əhalinin hər 10 min nəfərinə 33 həkim, 54 orta tibb işçisi və 45 çarpayı düşür. Azərbaycan höküməti xüsusi karantin tətbiq etməklə pandemiyanın baza reproduktiv göstəricisini aşağı salmağa və vəziyyətə tam nəzarəti həyata keçirməyə çalışır və buna müvəffəq olur. Xüsusi karantin “koronavirus əyrisi”ni “ütüləməyə” və vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Düzdür, sosial izolyasiya, qlobal şoklar və aşağı neft qiymətləri şəraitində iqtisadi itkilər qaçılmazdır. Amma indiki halda sosial izolyasiyadan doğan itkilər pandemiyanın səhiyyə sisteminin nəzarətindən çıxmasından yarana biləcək fəsadlarla müqayisədə dəfələrlə aşağıdır. Buna görə də xüsusi karantin tələblərinə anlayışla yanaşılmalı və əməl edilməlidir. Karantin nə qədər əvvəl olsa, bir o qədər də effektiv sayılır və sonrakı günlərdə yoluxma sayını daha çox azaldır. İqtisadi itkiləri zamanla bərpa etmək olacaq, buna görə də əsas Azərbaycan insanını qorumalıyıq.

Xəbər lenti