Notlara inci düzən 13 yaşlı İnci - Fotolar

XƏBƏR
16:30
25 Avqust 2022
378

Bir ailə savadlı və cəmiyyətə yararlı övlad yetişdirirsə, demək o evdə işıqlı bir gələcək var.

Haqqında danışacağımız istedadlı fidanlarımızdan biri də Həsənli İnci İlyas qızıdır. O, 2009-cu ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano sinfinə daxil olub. İstedadlı İncinin uğurlarında müəlliməsi Səfərova Zoyanın da rolu danılmazdır. Yaşının az olmasına baxmayaraq, vətənimizi bir çox xarici ölkələrdə layiqincə təmsil edib.

Fortepianoda ifa etməyi həm hobbisinə, həm də peşəsinə çevirən istedadlı İnci bir çox müsabiqələrdə iştirak edib. İştirak etdiyi canlı keçirilən müsabiqələrdə uğurlu nəticələr əldə edib. “İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII müsabiqəsi”ndə (Bakı. 2019) 3-cü yerə, “Caspian Etude”(Bakı. 2019) 3-cü yerə, “World Harmony”(Bakı. 12.02.2020 - 24.02.2020) 3-cü yerə layiq görülüb. Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyində  “Gənc istedadlar”ın ifaçılıq müsabiqəsində  uğurlu çıxışına görə Gran-Prix mükafatı laureatı olub. “Santa Cecilia XXIV International  Piano Competiton”(13.06-15.06.2022 Portuqaliya) müsabiqəsində 1-ci yerə layiq  görülüb. Onun onlayn keçirilən müsabiqələrdə də uğurları az deyil.

“Firstalonia World Art Games” (07.12.2020. İspaniya) 1-ci yerə, “Fiestalonia Music Box” (17.01.2021 Böyük Britaniya) 1-ci yerə, Adilia Alieva 16th “International Music Competition” (18-30.06.2021. Fransa) 1-ci yerə, “The 6 th “Florida Keys” İnternational Music Competition” böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə  keçirilmiş festivalda (12.07.2021 ABŞ) 2-ci yerə, “Holy Land. Bethelehem Star International Festival- Contest of Creativity” (15.12.21-21.01.22. İsrail) müsabiqəsində Grand Prix-ə layiq görülüb.

Bu uğurlarla kifayətlənməyən gənc pianist “Gənclərə dəstək layihəsi”ndə də iştirak edir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri Orkestri və onun bədii rəhbəri, baş dirijoru Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov-Elmira Nəzirovanın bəstələdiyi Ərəb mövzusunda konsertin I hissəsini ifa edib.

I Beynəlxalq Bakı Piano Festivalında Q.Qarayev adına Dövlət Kamera Orkestrı ilə F.Bədəlbəylinin “Dəniz” əsərini ifa edən İnci, həmçinin bu layihədə bir neçə solo ifa ilə çıxış edib.

525.az

Xəbər lenti