Prezidentin vəzifə verdiyi 49 yaşlı rəis Bakının prokuroru olub
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edib. Dövlət başçısının sərəncamı ilə bu vəzifəyə İlqar Abbasov təyin edildi. Bundan başqa ona general-mayor ali hərbi rütbəsi verilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlqar Abbasov bu vəzifədən öncə Bakı şəhər prokuroru olub.
O, bu ilin aprelində Baş prokuror Kamran Əliyevin əmri ilə səlahiyyət müddətinin başa çatması ilə bağlı işdən azad edilib. Lakin yeni vəzifəyə təyinat almayıb. İ.Abbasov 2017-ci ildə sabiq Baş prokuror Zakir Qaralovun əmri ilə Bakıya prokuror təyin edilmişdi. Daha əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olub.
Üç aya yaxındır sərəncamda olan İlqar Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi deyilirdi.
Qeyd edək ki, Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasovun 49 yaşı var. O, daha əvvəl Naxçıvan MR-də, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. III dərəcəli dövlət ədliyyə müşaviridir.
İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb.
Daha çox