Bu yemlərin satışı ƏDV-dən azad olundu - Siyahı

İQTİSADİYYAT
17:55
30 İyun 2022
249

Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib.

Sabah.az xəbər verir ki, qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Bu qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış oldu. Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış oldu. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

Beləliklə:

- Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;

- Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;

- Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;

- 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.

Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti