“DTX tərəfindən həbs olunan gün affekt vəziyyətində sənədlərə qol çəkdim”

XƏBƏR
15:30
3 İyun 2022
251

Külli miqdarda mənimsəmə və rüşvət ittihamı ilə həbs edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı sabiq məmura suallar verib. Təqsirləndirilən şəxs barəsindəki ittihamların əsassız olduğunu deyib:

“Mənim otağımda aparılan axtarışda seyfimdən bir dənə də olsun qanunsuz sənəd və ya maaş kartı çıxmayıb. Dövlət tərəfindən ayrılan vəsait qanuni olaraq rayonun abadlaşdırılmasına sərf olunub. Amma Prezidentə tam əksi məruzə olunub”.

Vilyam Hacıyev DTX tərəfindən həbs olunan gün verdiyi ifadəni qəbul etməyib. O, həmin vaxt affekt vəziyyətində olduğunu və sadəcə sənədlərə qol çəkdiyini deyib.

Prosesdə İfadə verən Dost İş Mərkəzinin hüquqşünası isə V.Hacıyeva qarşı 275 min manat mülki iddia qaldırıb. Mülki iddia məhkəmə tərəfindən qəbul edilib. Daha sonra Kürdəmir Regional Mədəniyyət Mərkəzinin rəhbəri Nadir Çıraqov ifadə verərək, onlara dəyən 31 min maddi ziyanın ödənilməsini tələb edib.

Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Xəbər lenti