Bakıda öldürdükləri şəxsin meyitini İsmayıllıya aparıb yandırıblar - Təfərrüat
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir cinayətin açılması təmin edilib.
Sabah.az-a daxil olan birgə məlumatda bildirilib ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmayıb. Lakin sonradan cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Aparılmış istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.
Həmçinin, müəyyən edilib ki, 2020-ci ilin mart ayında Ümidvar İbişov və Elvin Əliyev şəxsi münasibətlər zəminində tanışları Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan “Hyundai” markalı avtomobilə əyləşdirib Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürüblər. Sonra cinayətin izini gizlətmək məqsədilə meyiti İsmayıllı rayonunun Tubu kəndinə apararaq orada yandırıblar.
Ümidvar İbişov və Elvin Əliyevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
Daha çox