DİN Razi Alışovun həbs səbəbini açıqladı - Yenilənib

ÖLKƏ
17:58
30 May 2022
511

Sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd olunan iddialar tamamilə əsassızdır.

“Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə, belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.

Gəncə şəhər sakini Razi Alışov da dünən şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub”, - DİN rəsmisi bildirib.

O qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Vətəndaş R.Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsinin qarşısnın alınması istiqamətinə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə almaq istəyən Samiq Ağayev və narkotik vasitə satmaq istəyən Razi Alışov saxlanılıb.

Saxlanılan zaman S.Ağayevin üzərindən narkotik maddə olan “metamfetamin” aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni R.Alışovdan 25 manata  aldığını etiraf edib. R. Alışovun üzərinə baxış keçirilən zaman isə S.Ağayevdən aldığı 24 manat aşkar olunub. Bundan başqa R. Alışov tibbi ekspertizadan keçirilən zaman onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Alışovun daha əvvələr də analoji cinayət hadisə törətməsi məlum olub. Belə ki, ona məxsus mobil telefona baxış keçirilən zaman daha bir neçə nəfər ilə narkotik maddə satılması haqqında mesajlar, həmçinin satılmış narkotik maddələrin pulunun bank kartına yüklənilməsi barədə ödənişlər müəyyən edilib.

Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Xəbər lenti