Xırdalanda bina yandı, sakinlər təxliyyə olundu - Video

XƏBƏR
14:10
25 May 2022
259

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Sabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti