Avtomobilini qəsdən DYP maşınının üstünə sürüb qəza törətdi
Bakıda DYP avtomobilini qəsdən vuran şəxs həbs edilib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində baş verib.
1985-ci il təvəllüdlü Fuad Ovadoğlu gecə saat 00:20 radələrində Mətbuat prospektində “Saipa Sanina” markalı avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb.
Avtomobilin təhlükəli manevrlər etdiyini görən DYP əməkdaşları onu saxlamağa çalışıb. Bu zaman 37 yaşlı sürücü yol polisinin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Yol polisi əməkdaşları “BMW 328” markalı xidməti maşınla onu təqib edərək saxlamağa çalışıblar. Onlar saat 00:30 radələrində Fuad Ovadoğlunun sürdüyü avtomobili Mətbat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində saxlamaq istəyərkən həmin şəxs maşını qəsdən yol polisi avtomobilinin üstünə sürüb. Nəticədə bir-birinə çırpılan avtomobillərə ciddi ziyan dəyib və yararsız hala düşüb.
Əraziyə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, sərxoş vəziyyətdədir.
F.Ovadoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333 və 535-ci (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Yasamal Rayon Məhkəməsinə göndərilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Ovadoğluna 20 sutka inzibati həbs cəzası verilib.
Daha çox