İlham Əliyev türkiyəli naziri qəbul etdi

XƏBƏR
12:50
19 May 2022
197

Prezident İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sabah.az xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirib, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olunub.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd edib və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirib. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edilib, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirilib. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub

Xəbər lenti