“Mənim iş otağımda yeyib-içən bir Əli İnsanov olub, bir də sən”

ÖLKƏ
16:43
17 May 2022
380

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün keçirilən prosesdə zərərçəkmiş Rəhman Musayev sərbəst ifadə verib.

O bildirib ki, 2011-ci ildən Mavriki adalarında yerləşən “İnreaceos Payment” şirkətinin Azərbaycandakı filialının müdiri olub. Şirkətin əsas fəaliyyəti Azərbaycanda investisiya qoyuluşu məsələlərini planlaşdırmaqdan ibarət olub:

“Filial təzəcə təşkil olunmuşdu və hələ işçilər yox idi. Anamın adına isə “Spare Limeted” adlı, Mavriki şirkətinin filialı fəaliyyət göstərirdi. 29 fevral 2012-ci ildə evimizə MTN əməkdaşları basqın elədi. Onlara müstəntiq Kənan Əliyev rəhbərlik edirdi. Evdə axtarış aparmağa başladılar. Qızıl-zinət əşyalarını, ətirləri, bütün sənədləri, şirkətlərə aid olan bank çıxarışlarını, 8400 manat pulu, firmaların möhürlərini, evdə olan plastik kartları, kompüterləri, yaddaş kartlarını, anamın adına olan 4 otaqlı mənzilin çıxarışını, “Şəhər bağları” yaşayış kompleksində olan mənzilin orderini götürdülər. Məni də MTN-nə aparıb müstəntiq Sahib Ələkbərovun otağına qaldırdılar. Sahib Ələkbərov mənə dedi ki, guya hansısa haker qrupunun rəhbəriyəm: “Səhər yeməyini Londonda, naharı Nyu-Yorkda edəndə bilmirdin ki, buraya düşəcəksən?” Məndən 1 milyon manat pul istədilər: “Bu məbləğ səndən ötrü heç nədir, pulu qoy bura, çıx get”. İstədikləri pulu verə bilmədiyim üçün məni həbs etdilər.

Fotoda: Sahib Ələkbərov

Sahib Ələkbərov mənimlə görüşlərdə Mövlam Şıxəliyevin və nazir Eldar Mahmudovun adından danışaraq böyük məbləğlərdə pullar tələb edirdi. Məni 18 mart 2012-ci ildə şöbə rəisi Vüsal Ələkbərovun iş otağına apardılar. Vüsal dedi ki, “sən şəhər “qai”sinin rəis müavini Eyvazla dostsan, o da mənim qaynımdır, sabah buraya yeyib-içməyə gələcək, oturub söhbət edərik. Eyvaz Şahbazovla yaxın münasibətimiz yaranmışdı, tez-tez görüşürdük. Növbəti gün Sahib Ələkbərovun iş otağına gedəndə orada stolun üstündə kabab, paxlava, şirələr var idi. Sahib Ələkbərov belə dedi: “1 milyon dollar versən, səni buraxarıq, gedərsən, nazirin xəbəri olmadan bura heç kim gətirilmir, mənim iş otağımda yeyib-içən bir sənsən, bir də Əli İnsanov olub! Bu, rəhbərliyin göstərişidir, pul verməlisən. Mən sənə serjant deyiləm, polkovnikəm, lazım olsa, səni 9 ay saxlayaram, 3 vəkil tutmusan, deyəsən pulun çoxdur, amma onların xeyri olmayacaq, biz istədiyimizi edirik”. Bir azdan Vüsal Ələkbərov gəldi, məni kameraya qaytardılar. Daha sonra öyrəndim ki, Vüsal Ələkbərov atamdan Eyvaz Şahbazov vasitəsilə 400 min dollar tələb edib”.

R.Musayev bildirib ki, o, Sahib Ələkbərova buraxılması üçün 200 min dollar və şirkətin qazancından 25 faiz təklif edib:

“Evlərimizin və maşınlarımızın sənədlərinin qaytarılması müqabilində Sahib Ələkbərov isə atamdan 15 min manat alıb. Atamın “Kubinka”da olan dədə-baba mülkünün, Yeni Yasamalda yerləşən mənzilinin, 1988-ci ildə atasına və anasına verilmiş torpaqların sənədlərini və “Porche Cayenne” markalı maşını qaytarsa da, “Şəhər Bağları” sahəsindəki mənzilin, Novxanıdakı 584 saylı bağ evinin, bir torpaq sahəsinin sənədlərini və “Land Cruiser” markalı maşını onlara qaytarmayıblar. Atam ümumilikdə 177 min manat düzəldib Sahib Ələkbərova vermişdi. Səhəri gün məni azadlığa buraxdılar”.

Fotoda: Vüsal Ələkbərov

Bundan sonra zərərçəkmiş Müsənnif Salahov ifadə verib. O, 2003-cü ilin mayından “Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyib. 2012-ci ilin martında həmin bankın müşahidə şurasının sədri Etibar Əliyev həbs olunduqdan bir neçə gün sonra bir qrup MTN əməkdaşı Sumqayıt filialına qəfil gəliblər:

“Dedilər ki, filialın 6 aylıq fəaliyyətini yoxlayacaqlar. Bütün maliyyə sənədlərini götürdülər. Növbəti gün məni əvvəlcə MTN-də Nadir adlı müstəntiq qəbul etdi. Sonra Vüsal Ələkbərovla rəis müavini Təhsin Ağayevin yanına apardılar. Təhsin Ağayev Vüsalın yanında mənə “Etibar Əliyev bankı yeyib-talayıb, sən nə qədər pul verirdin Etibara? Bilirsən də hara düşmüsən? Çıxmaq üçün 3 milyon manat pul verməlisən” dedi. Mən də gülərək o qədər məbləğdə pulu bir yerdə görmədiyimi dedim. Məni buraxsalar da iki həftə Təhsin və Vüsal dayanmadan zəng edib pul tələb edirlər, həbslə hədələyirdilər. Psixoloji təzyiqlərinə tab gətirməyib həbs olunacağımdan qorxdum. Buna görə də 200 min manat düzəldib MTN-də Təhsinə verdim. Həmin vaxt Vüsal da otaqda idi. Mənə “min dənə obyektin var, get, sat gətir, pulu ver, milyonlar qazanırsınız, Misir hesablayıb” dedi. Çox yalvardıqdan sonra Təhsin əlavə 400 min manat verəcəyim halda həbs etməyəcəklərinə söz verdi: “Verməsən, sənin üzünə dörd adam duracaq ki, onlardan notarius əməliyyatlarında rüşvət almısan”. Ümumilikdə 600 mini düzəldib onlara verdim”.

Zərərçəkmişlərin dindirilməsi növbəti prosesdə davam etdiriləcək.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Xəbər lenti