“Beerlin Pub”ın mühafizəçisinin 17 il həbsi tələb olundu

XƏBƏR
13:26
11 May 2022
277

Bakıda “Beerlin Pub”da müştərini döyərək öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkəməsində bu gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 17 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Orxan Şahbazovun vəkili Ceyhun Yusifov cəzanın ağırlığına etiraz edərək “kasıb öləndə maddə 123 olur, varlı öləndə 120.2” ifadəsini işlədib.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da “pub”a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. O, uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub.

Bundan başqa, Orxan bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib.

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. O, eyni zamanda tanınmış Təhsil Nazirliyində 21 il  Ali və orta ixtisas təhsili idarəsinin rəisi, daha sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini işləyən İlham Mustafayevin oğludur.

Fotoda: ölən Vüqar Mustafayev (soldakı şəxs)

Xəbər lenti