Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir - Fotolar+Video

XƏBƏR
16:34
6 May 2022
226

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. 

Sabah.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.

Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Kulinariya festivalında Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.

Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.

Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim edilir. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.

Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. Tədbir günlərində “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edir. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur.

Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur. Tədbir çərçivəsində Şuşada Azərbaycan rəssam və heykəltaraşlarının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilir.

Xəbər lenti