Elxan Məmmədov AFFA-dakı vəzifəsindən getdi - Yenilənib

İDMAN
17:24
20 Aprel 2022
422

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

Sabah.az xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

Bu haqda FİFA-nın saytı xəbər yayıb.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başlayacaq.

FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb:

“Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.

***

Mayın 1-dən Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayacaq Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti vəzifəsindən ayrılacaq. AFFA-nın yaydığı rəsmi açıqlamada qeyd edilir ki, o, fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a bildirib ki, E.Məmmədov daha icraçı vitse-prezident deyil, digər vitse-prezidentlər kimi fəaliyyətini ictimai əsaslarla davam etdirəcək. Onun əsas işi bundan sonra FİFA-da olacaq:

“Tapşırılan işlərin icrası ilə İcraçı vitse-prezident məşğul olur. Amma Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olunduğuna görə ictimai əsaslarla AFFA-da vitse-prezident kimi fəaliyyətini davam etdirəcək. Necə ki, digər vitse-prezidentlər Elşad Nəsirov və Rauf Əliyev ictimai əsaslarla çalışır, Elxan Məmmədov da elə çalışacaq”.

E.Məmmədov FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək.

Xəbər lenti