Gecə klubunda yaralanan seneqallı Sanuranın vəziyyəti barədə - Açıqlama

ÖLKƏ
10:18
11 Aprel 2022
423

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşı Sanura Namuda Fatemahın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə Sabah.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bildirilir ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. O, hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Xəbər lenti