Restoranda arvadını döyən polis işdən çıxarılıb - Təfərrüat
“Altun Saray” şadlıq evinin həyətində arvadını döyən polis serjantının məhkəməsi keçirilib.
Sabah.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə 30 dekabr 2021-ci ildə baş verib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı polis Pərviz Sultanov (soyad şərtidir) əli ilə həyat yoldaşı E.Sultanovanın (ad-soyad şərtidir) baş və üz nahiyəsinə zərbələr endirərək ona xəsarət yetirib. Nəticədə Sultanovanın burnu sınıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən Sultanov bildirib ki, xanımı ona yalan danışdığı üçün əsəbiləşib və vurub. Məqsədi ona xəsarət yetirmək olmayıb:
“Biz uzaq qohumuq. İki il onunla sevgili olandan sonra nişanlandıq və toya hazırlaşanda atasının təkidi ilə rəsmi nikaha girdik. Lakin daha sonra pandemiya səbəbi ilə toy edə bilmədik. Rəsmi olaraq evli olsaq da, birlikdə yaşamırdıq.
Hadisə baş verməzdən bir neçə gün əvvəl mənə dedi ki, iş yoldaşları ilə birlikdə “Altun Saray” şadlıq evində tədbir keçirəcəklər. Mən buna razılıq verməsəm də, o məni razı salmağa çalışdı. Bildirdi ki, ilin son maaşını da müdir məhz həmin tədbirdə verəcək. Pula ehtiyacı olduğunu dediyi üçün razılaşdım. Lakin ona dedim ki, saat 21:30-da tədbirdən çıxar və özüm onu gəlib aparacam. O da razılaşdı”.
P.Sultanovun sözlərinə görə, xanımı ona söz verdiyi vaxtda tədbirdən çıxmayıb:
“Dediyim saatda mən şadlıq sarayının həyətində olsam da, o çıxmadı. Pəncərdən baxarkən gördüm ki, şadlıq sarayının içində yad adamlar da var. Amma mənə demişdi ki, sadəcə öz iş yoldaşları olacaq. Ona zəng edib çıxmasını desəm də, o, 25-30 dəqiqə sonra çölə çıxdı. Mən ondan dəfələrlə zəng etdiyim halda hansı səbəbdən telefonu açmadığını soruşanda dedi ki, çox səs-küy olduğuna görə eşitməyib. Daha sonra isə çoxdan çöldə məni gözlədiyini dedi. Onun yalan danışmağı məni daha da əsəbləşdirdi və mən əlimlə onun üzünə vurdum. Özünü pis hiss etdiyi üçün taksiyə minərək onu evlərinə apardım. Daha sonra eşitdim ki, məndən şikayətçi olub. Onunla barışmağa cəhd etsəm də, alınmadı”.
Hadisə zamanı xəsarət alan E.Sultanova məhkəmədə verdiyi ifadədə bildirib ki, tədbirdə iştirak etmək üçün bir həftə əvvəldən Pərvizdən icazə alıb və o da razılaşıb:
“Getməyimə icazə verdi və dedi ki, saat 22:00-da məni götürəcək. Mən də iş yoldaşlarımla sağollaşıb çölə çıxanda gördüm ki, Pərviz əsəbi halda mənim tərəfə gəlir. Sonra qolumdan tutub itələyərək məni şadlıq sarayının arxa hissəsinə apardı. Bu zaman əli ilə başıma vurdu. Daha sonra mənimlə mübahisə etməyə başladı. Nalayiq söyüşlər söyərək üzümə və başıma şillələr vurdu. Mən üzümdə və burnumda şiddətli ağrılar hiss etdim. Orada heç kim yox idi. Sonra məni taksiyə mindirərək evimizə gətirdi. Taksi pulu olaraq məndən 10 manat da aldı. Evə gələndən sonra valideynlərim mənim vəziyyətimi gördükdə Pərviz onlarla da mübahisə edərək “əcəb edib döymüşəm” dedi”.
Qadının sözlərinə görə, Pərviz bundan öncə də onu döyüb:
“Daha öncə də dəfələrlə məni döyüb və təhqir etmişdi. Lakin mən bunu anam və atama deməmişdim. Axrıncı davranışından sonra ondan şikayətçi olmaq və nigahın pozulması üçün müraciət etmək qərarına gəldim”.
Pərviz Sultanov 2022-ci il yanvarın 6-da işdən çıxarılıb. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən Pərviz Sultanov CM-nin 128-ci maddəsində (Qəsdən sağlamlığa yüngül zərər vurma) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
Daha çox