Prezident açılışa qatıldı - Fotolar

ÖLKƏ
14:56
29 Mart 2022
403

Prezident İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub.

Sabah.az xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib.

Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı var.

Yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar.

Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir.

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar var.

Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir.

Xatırladaq ki, Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub. Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Xəbər lenti