Buraxılış imtahanları keçirildi - Yenilənib

ÖLKƏ
17:44
12 Mart 2022
521

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Sabah.az xəbər verir ki, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilirlər.

İmtahanlar iki gün müddətində respublikanın 31 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3553 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 579 imtahan rəhbəri, 4393 nəzarətçi-müəllim, 429 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanlarda 26 697, sabah keçiriləcək imtahanlarda isə 19 418 nəfər olmaqla, ümumilikdə 46 115 şagirdin iştirakı nəzərdə tutulur.

***

Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahan 17 şəhər və rayonda keçirilib.

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası, 2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.

Xəbər lenti