“Cavanşir Məmmədovdan danışdı, sonra Manaf Ağayevə keçdi”
Dələduzluqda təqsirləndirilən sabiq iş adamı Maqsud Mahmudovun məhkəməsi davam etdirilir.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində Əməkdar artist Vasif Məhərrəmli ifadə verib.
Müğənni bildirib ki, Maqsud Mahmudova 1000 manat verib: “Mənə xəbər göndərmişdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və yaşlı qadın saxlayıram. Mən ona dedim ki almışam, öz işimdir. Digər tərəfdən isə mən belə bir ev almamışam. Mən ona dedim ki bu informasiya səndə hardandı? Dedi ki, bir xanım deyib. Bir müddət sonra o Cavanşir Məmmədovla bağlı danışmağa başladı, ardınca Manaf Ağayevə keçdi. Maqsud şou-biznes əhlini söyməklə məşğul idi. Manafdan və Afət Fərmanqızıdan pul istədi, onlar vermədi. Amma mən 1000 manat verdim. Mənim 1000 manatını versə, yaxşı olar".
Maqsud Mahmudov isə bildirib ki, Vasif Məhərrəmlidən üzr istəyib: "Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdır. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və yazdılar ki, vətən xaininin uşaqlarıdır. Mən efirdə Afəti söydüm. Vasif məni Afətlə calaşdırdı.
Manafla Vasifin İlham adlı dostu var, onun mənə 30 min manat borcu var. Onlara dedim ki, o adama deyin, mənim pulumu qaytarsın. Vasif zəng elədi onunla danışdı. Mənə dedi ki, adam pulu başqasına verib. Vasif dedi ki, “biz Manafla adama 500 manat verərik”. Mən də dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm.
Vasif Məhərrəmli Maqsudun yalan danışdığını deyib: "Maqsud mənə dedi ki, Manafı axşam söküb-yığacam. Mən də bunu Manafa dedim. Manaf isə dedi ki, mən niyə ona pul verməliyəm?!".
Qeyd edək ki, ötən il beynəlxalq axtarışa verilmiş M.Mahmudov Ukraynada tutularaq Azərbaycana təhvil verilib. M.Mahmudov dələduzluq, hədə-qorxu ilə tələb etmə və xüsusi dəyəri olan əşyaları talamaqda ittiham olunur. Onun cinayət işi üzrə 91 zərərçəkmiş var. Zərərçəkənlər arasında tanınmış müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var. İttihama görə, Mahmudov müğənniləri rüsvayedici məlumatlar yaymaqla şantaj edib.
Daha çox