ASGA daha bir şəhidimizlə bağlı film çəkəcək

XƏBƏR
14:32
25 Fevral 2022
201

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə daha bir şəhidimizlə bağlı film çəkəcək.

Sabah.az xəbər verir ki, “İgidliyi ilə adını tarixə yazan şəhid - Füzuli fatehi Əzim Həsənov haqqında sənədli film” adlı layihə çərçivəsində hazırlanacaq film aprel ayında geniş ictimaiyyətə təqdim olunacaq.

Layihəyə uyğun olaraq hazırlıq, çəkilişlər və təqdimat 3 ay ərzində Bakı və Mingəçevir şəhərlərində reallaşacaq. Layihənin əsas məqsədi şəhid Əzim Həsənovu bütün ölkə ictimaiyyətinə, eyni zamanda, dünya azərbaycanlılarına tanıtmaqdır.

Qeyd edək ki, ailənin yeganə oğlu olan Əzim orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır.

Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmasına baxmayaraq, paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27-də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüşlər zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti