Neft qiymətinin artması manata necə təsir edəcək?
“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”.
Sabah.az xəbər verir ki, bunu Report-a Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil:
“Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq”.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb. Dünya bazarında dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.
"Brent" markalı neftin qiyməti isə son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb. Londonun ICE birjasına istinadən, dünən axşam fyuçers müqaviləsinin dəyəri 4 % artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edib.
"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.
Daha çox