Bu gün Bakıda dünya kuboku yarışı başlayır

İDMAN
09:35
12 Fevral 2022
617

Bu gün Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışına start verəcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Sabah.az xəbər verir ki, dünya kuboku yarışına qatılmaq məqsədilə Azərbaycana səfər edəcək batutçular iki gün ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.

Qeyd edək ki, yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunacaq.

Xəbər lenti