Məktəbdə 4 uşaq anası qətlə yetirildi - Yenilənib

ÖLKƏ
13:34
11 Fevral 2022
337

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən mübahisə zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb.

Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub:

"Fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədlinin Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir".

Xəbər lenti