Koronavirusdan qorunmaq üçün hansı məqamlara diqqət edilməlidir?

GÜNDƏM
12:43
18 Mart 2020
125

“Koronavirus metal səthdə 12 saat, parçada 6-12 saat, aerozolda 8-10 saat, suda 9 saat qala bilir. Virusun açıq sahədə yaşam şansı aşağıdır. Xarici mühitdə virus +33°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir”. 

Sabah.az xəbər verir ki, bu sözləri Tibb Universitetinin professoru, həkim Aqil Qeybulla virusla bağlı məqaləsində qeyd edib. Bildirib ki, ilk dəfə 1965-ci ildə aşkar olunan insan koronavirusunun 3 təhlükəli ştamı müəyyən edilib:

1. SARS-CoV (ağır kəskin respirator sindrom törədən koronavirus). Bu ştamla ilk infeksiya ocağı 2002-ci ilin noyabrında Çinin Huandun vilayətində peyda olub. Epidemiya 2 ay ərzində cənuba doğru yeriyib.
2. MERS-CoV (Yaxın şərq respirator sindromu törədən koronavirus) – Zoonoz virus olub (yarasalardan transmissiyası müəyyən edilib və dəvələrdə də tapılıb. İlk infeksiya ocağı 2012-c ildə Səudiyyə Ərəbistanında qeydə alınıb.
3. SARS-CoV-2, 2019 dekabrında aşkar edilmiş və indiyədək davam edən yeni tip pevmoniya pandemiyası törədən növ. Bu növ böyüklərdə daha çox ölüm halı törədir, uşaqlarda ölüm halı isə qripdə olduğu kimidir.
Virusun hazırki ştamı xarici mühitdə davamsızdır. Ancaq pandemiyadan həmçinin xəstələnmə və ölüm sayının dünya üzrə indikindən xeyli artacağı proqnozlaşdırılır.

Bu gün dünya üzrə 174 786 xəstə qeydə alınıb, onlardan 77 657 nəfər sağalıb, 6 705 nəfər dünyasını dəyişib, yəni 50% sağalmış, 4%-ə qədər ölüm halı qeydə alınıb. Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir.

Tibbi ekspert əhaliyə karantin qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

“Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur. Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin.

“Boğazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.

“Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır. Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir. Nəzrə alın ki, virus gözün selik qişasından da insana keçə bilər. Xüsussi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.

Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.

Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin.

Kaliorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.

Yaxşı yatın, stresdən uzaq durun, vitamin D balansını doldurun”.

Xəbər lenti