“Ermənistan Rusiya vasitəsilə bizə yeni təkliflərini təqdim edib”
“Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı ikitərəfli birgə komissiyanın yaradılması məsələsində də Ermənistan tərəfindən ardıcıl və davamlı bir yanaşmanı müşahidə etmirik”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Bakıda keçirilən görüşün yekunlarına dair birgə keçirilən mətbuat konfransında bildirib.
“Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə bizə delimitasiya prosesinin başlanması ilə bağlı, belə demək olarsa, yeni təkliflərini təqdim edib. Mən həmin təkliflərin detallarına varmadan onu qeyd etmək istəyərdim ki, müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb və komissiyanın öz işinə başlaması müəyyən şərtlərlə şərtləndirililib. Hər zaman olduğu kimi qısa zaman ərzində Azərbaycan tərəfi öz mövqeyini bir daha eyni istiqamətlə çatdırıb”, - deyə nazir qeyd edib.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi heç bir ilkin şərt olmadan Ermənistanla sərhədin delimitasiyası prosesinə hazırdır:
“Biz hesab edirik ki, delimitasiya ilə bağlı prosesin özü beynəlxalq münasibətlərdə oturuşmuş prosesdir. Hesab edirik ki, bu prosesin başlanması üçün hansısa dırnaqarası icadlara və dırnaqarası kreativ yanaşmalara ehtiyaca yoxdur. Beynəlxalq sərhədlər tanınmalıdır”.
Daha çox