İqbal Məmmədovun milyonlarla vergi borcu var - Faktlar

İQTİSADİYYAT
09:42
1 Fevral 2022
149

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında da öz əksini tapıb.

Şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.

Şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50 faiz payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100 faiz pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:

“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”

Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Xəbər lenti