Masallıda azyaşlı qızı nişanladılar

XƏBƏR
16:04
31 Yanvar 2022
137

Sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.

Sabah.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşları həmin ailədə olublar.

Bildirilib ki, fakt araşdırılıb:

“Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib, onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcək”.

Hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətindədir.

Xəbər lenti