Kamran Əliyev səs yazısı yayılan prokuroru işdən çıxardı

ÖLKƏ
11:45
27 Yanvar 2022
200

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli vəzifədən çıxarılıb.

Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vahid Məmmədli tutduğu vəzifədən azad edilib.

N.Kərimov bildirirdi ki, görüş zamanı prokuror Nürəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf edib: “Vahid Məmmədli dedi ki, həmin şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlanma hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib”.

N.Kərimov əlavə edib ki, 2020-ci ildə prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə bağlı kimlərisə hədələyib.

Xəbər lenti