Sabiq icra başçısı qanunsuz silah saxlamaqda ittiham olunur
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Vəkillər Vilyam Hacıyevin ev dustaqlığına buraxılması, bu mümkün olmadıqda onun proseslərdə onlayn qaydada iştirak etməsi ilə bağlı vəsatət veriblər. Müdafiəçilər bildirib ki, V.Hacıyev bir müddət əvvəl əməliyyat olunub, ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.
İttihama aktına görə, Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.
Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
Daha çox