Metroda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Bakı metropolitenində koronavirusla bağlı tapşırığa uyğun ciddi tədbirlər görülməkdə davam edir.
Sabah.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda qatarların hərəkət qrafikində koronavirusla əlaqədar görülən tədbirlərlə bağlı heç bir dəyişiklik yoxdur:
"Metro stansiyalarında əllə təmas olunan səthlər gün ərzində ən azı 3 dəfə dezinfeksiya edilir. Bu məsələ ciddi nəzarət altındadır. Qatarlar "Bakmil" stansiyasından Depoya texniki baxışa gedərkən "Bakmil" stansiyasından sonra vaqonların qapıları açıq qalır, salonlar havalandırılaraq ilkin profilaktik tədbirləri görülür. Depoya daxil olandan sonra sanitar gigiyenik normaların tələbinə uyğun bütün müvafiq tədbirlər görülür. Qatar xəttə qayıdarkən artıq sağlam minik şəraitində olur. Həftə ərzində isə ən azı 1 dəfə bütün stansiya və qatarlar dezinfeksiya olunur".
Metro stansiyalarının giriş-çıxışlarında sərnişinlərin hərarətini müəyyən edən avadanlıqların quraşdırılmasına gəlincə isə B.Məmmədov bildirib ki, hələlik bununla bağlı göstəriş olmayıb:
"Biz Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əlaqəli işləyirik. Qərargahdan gələn tapşırıq və tövsiyələrə ciddi əməl olunur. Koronavirusla bağlı gələn bütün qaydalara riayət olunur".
Daha çox