Uşağı döyən tərbiyəçi qohumu olduğu üçün ailə şikayətçi olmadı

ÖLKƏ
10:45
14 Yanvar 2022
201

İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurması ilə bağlı bəzi detallar məlum olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb.

Z.Baxışova körpənin anasının xalasıdır. Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.

Videonu isə həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.

Tərbiyəçi Z.Baxışova izahatında bildirib ki, anası bir neçə dəfə uşağın yemək yemədiyini deyib. Buna görə də uşağın yemək yeyərkən videosunu çəkib valideyninə göndərmək istəyib. Tərbiyəçi həmin vaxt körpə sakit dayanmadığı üçün onu vurduğunu etiraf edib. Hadisənin təxminən 10 gün əvvəl baş verdiyini bildirib.

Z.Baxışova ifadəsində əməlini belə əsaslandırsa da, uşaq bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək olakən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Xatırladaq ki, bağçada göstəriş üçün şəkil çəkmək istəyən tərbiyəçi azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Lakin uşaq buna əməl etmədiyinə görə, o, azyaşlının başına zərbə endirib. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Xəbər lenti