Vətən müharibəsinə aid medalları saxtalaşdırıb satan şəxsə hökm oxundu
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan, 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibətilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil edən “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğluna hökm oxunub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsində Aydın Bağırovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
İttihama görə, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşanın, Suqovuşanın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Ağdamın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, “İgidliyə görə” medalları, “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Rəşadət” ordeni, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.
Məhkəmənin hökmü ilə Aydın Bağırov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, həmçinin 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Daha çox