“Dolların məzənnəsində müəyyən dəyişikliklər olacaq” - Vüqar Bayramov

İQTİSADİYYAT
00:25
17 Mart 2020
226

ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin aşağı salınması Azərbaycan manatına təsir etməyəcək. Çünki, manat səbət valyutalara daxil deyil. Düşünürəm ki, Mərkəzi Bank mövcud olan ehtiyatlarla dollara olan tələbatı ödəmək imkanına malikdir.

Sabah.az xəbər verir ki, bu sözləri Azərtac-a Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

“FED-in uçot dərəcəsi aşağı salması daha çox ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi və səbət valyutalarının dəyərinin artmasının qarşısının alınması məqsədilə qəbul edilib. Bu qərarın qəbul edilməsi həm də ABŞ dollarının səbət valyutalarına nisbətdə möhkəmlənməsi məqsədi güdür. Təbii ki, bu məsələdə dünyanı öz ağuşuna alan koronavirusun rolu böyükdür”, - deyə ekspert bildirib.

V.Bayramov deyib: “ABŞ dollarla bağlı məzənnəni qoruyub saxlamaq üçün bu addımı atmağa məcbur olub. Çünki dolların möhkəmlənməsi ABŞ-ın ixrac imkanlarına mənfi təsir göstərir. ABŞ dollarında ucuzlaşmalar gözlənilmir, amma səbət valyutasına münasibətdə ABŞ dollarının məzənnəsində müəyyən dəyişikliklər olacaq. Bu da onu deməyə əsas verir ki, dolların ucuzlaşması gözlənilmir”.

Deputat qeyd edib ki, FED tərəfindən uçot dərəcəsinin aşağı salınması Azərbaycan bazarına ancaq psixoloji təsir göstərə bilər. Prinsip etibarilə ABŞ dollarının dünya bazarında ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutaları üçün cəlbedicidir. Bu da həmin ölkələrdə valyutaya təsirin minimallaşdırılmasına gətirib çıxarır. FED-in uçot dərəcəsini aşağı salınmasının Azərbaycanın milli valyutası üçün elə bir təhlükəsi yoxdur. Bu kontekstdə Mərkəzi Bankda manatın dollara nisbəti növbəti dövlərdə də sabit qalacaq.

İqtisadçı alim əlavə edib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar təbii olaraq dollara tələbat artıb. Bu hal nəinki Azərbaycanda, eləcə də Rusiya və Qazaxıstanda da müşahidə olunur. Növbəti dövrlərdə manatın məzənnəsi ilə açıqlama Mərkəzi Bank tərəfindən veriləcək. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamaq, dollara olan tələbi növbəti dövrlərdə ödəmək niyyətindədir.

Xəbər lenti