Qohumları yasa apararkən qəza törədən sürücü narkotik istifadə edibmiş - Fotolar+Video

HADİSƏ
16:11
18 Dekabr 2021
1342

Dünən axşam saatlarında Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, dünən saat 19:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 61-ci km-də 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi “VAZ 2105” markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər 2001-ci il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Fizuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.

Hadisədən sonra tibbi müayinə zamanı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və o, özü də bunu etiraf edib.

Bununla yanaşı, müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu mikroavtobusdakı sərnişinlərin qohum olduğunu və Gədəbəyə yas mərasiminə getdiklərini bildirib.

Xəbər lenti