Şəhid Allahverdi Babayevə həsr olunan film təqdim olundu - Fotolar

XƏBƏR
14:30
10 Dekabr 2021
559

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mingəçevir şəhərində şəhid Allahverdi Babayevə həsr olunan filmin təqdimatını edib.

Sabah.az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, dostları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və gənclər iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan ASGA sədri, 7news.az saytının rəhbəri Səbuhi Abbasov filmin 3 ay ərzində ərsəyə gəldiyini deyib. Onun sözlərinə görə, "Suqovuşanı azad edən kiçik çavuş: Allahverdi Babayev haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib:

"ASGA olaraq son 3 ildə 5 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağa həsr olunub. Bundan öncə Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevə, eyni zamanda, 44 günlük Vətən Savaşında şəhidlik zirvəsinə ucalan Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğluna film çəkmişdik. Bu dəfə isə daha bir Mingəçevir igidini dünya azərbaycanlılarına tanıtmaq niyyətindəyik. Söhbət kiçik çavuş Allahverdi Babayevdən gedir.

Allahverdi Babayev 1989-cu ilin martın 24-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Allahverdi Babayev elə müharibənin ilk günündə şəhadətə qovuşub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Allahverdi Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Filmdə şəhidin yaxın qohumlarını, dostlarını, hərbçi yoldaşlarını danışdırmışıq, onun nümunəvi həyat yolunu Azərbaycan gənclərinə təqdim etmişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov şəhid Allahverdi Babayevin ailəsinə icra başçısı İlham İsmayılov adından başsağlığı verib. T.Əsgərov şəhər rəhbərliyinin bütün şəhid ailələrinə diqqətlə yanaşdığını xüsusi qeyd edib.

Sonda layihə çərçivəsində hazırlanan fincan və disklər tədbir iştirakçılarına təqdim olunub.

Xəbər lenti