“Elbəy Allahverdiyev özünü hakim kimi aparmır”

XƏBƏR
14:49
1 Dekabr 2021
492

“MTN-nin keçmiş yüksək vəzifəli şəxsləri Mövlam Şixəliyev və qeyrilərinin təqsirləndirildiyi cinayət işi üzrə bugünkü (dünən) məhkəmə iclasında prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox, etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparır”.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri vəkil Elçin Sadıqov Bakı Hərbi Məhkəməsində sabiq MTN generalı Mövlam Şıxalıyev və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi ilə bağlı deyib.

Vəkil bildirib ki, hakim proses iştirakçılarının mobil telefonlarını qanunsuz olaraq yığdırıb:

“Etiraz edəndə mənə dedi ki, səsinin tonunu kəs. Sanki mən pıçıldayaraq danışmalı və üzr istəməli idim. Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təəccübləndirdi”.

“Telefon məsələsinə Vəkillər Kollegiyası aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur. Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi birdəfəlik həll edilməlidir”, - deyə vəkil bildirib.

Elçin Sadıqov məsələ ilə bağlı artıq Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına rəsmi şəkildə müraciət etdiyini bildirib.

Qeyd edək ki, hakim Elbəy Allahverdiyev açıq keçirilməsinə baxmayaraq sözügedən məhkəmə prosesinə media nümayəndələrinin girişini də qadağan edib.

Xatırladaq ki, General Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Xəbər lenti