Kəlbəcər su ilə təmin edildi

XƏBƏR
09:47
25 Noyabr 2021
776

"Azərsu" ASC işğaldan azad olunmuş Kəlbəcər rayonunda suyun verilməsini, hərbi və mülki təyinatlı obyektlərin su təchizatını təmin edib.

Sabah.az bu barədə quruma istinadən xəbər verir.

Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşıdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub.

“Azərsu”yun 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissəslərində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.

“Azərsu” Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayıl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.

Xəbər lenti