"Seçkini saxtalaşdırmaq üçün vasitəyə çevrilirlər” - Müəllimlərə çağırış

XƏBƏR
18:02
6 Fevral 2020
92

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası davam edir. Sosial şəbəkələrdə isə müxtəlif məktəb direktorlarının müəllimlərə tapşırıqlar verərək, hər hansı bir namizədə səs verməyə məcbur edildiyi haqqında ittihamlar paylaşılır.

Bundan öncə də orta məktəb müəllimlərinin adı seçki saxtalaşdırma ittihamları ilə çəkilirdi. Belə ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə səs verməyə çalışdığı iddia edilən müəllimlər gündəm olmuşdu. Bu məqamlar müəllimlərin nüfuzuna da xələl gətirir. İnsanlar düşünürlər ki, orta məktəblər, direktorlardan asılı olan müəllimlər seçki saxtalaşdırmasına cəhd edən şəxslər üçün effektiv vasitədir.

Sabah.az xəbər verir ki, Modern.az-a açıqlamasında buna münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov müəllimlərin bələdiyyə və ya parlament seçkilərinə zorən cəlb olunduğunu söyləyib:

“Burada Təhsil Nazirliyində heç bir təqsir görmürəm. Əvvəllər təhsil sisteminin iki subyekti var idi: öyrənən və öyrədən. İndi isə təhsil sisteminin subyektləri çoxalıb. Bu subyektlərdən biri də icra hakimiyyətidir. Dövlət İmtahan Mərkəzi və digər müxtəlif qurumlar bura daxildir. Ona görə, məktəb çoxsubyektli quruma çevrilib. Belə olduqda isə düzgün qərarı qəbul etmək çox çətindir. Müəllimlər seçkiyə göndərilirlər. Hətta seçkini saxtalaşdırmaq üçün vasitəyə də çevrilirlər”.

Ş. Əsgərov düşünür ki, müəllimin ictimai şüuru olmalıdır:

“Ölkənin Prezidenti tələb qoyub ki, ədalətli seçki keçirilsin. İcra hakimləri də, məktəb direktorları da buna əməl etməlidirlər. Mən müəllimlərə məsləhət görürəm ki, xalqın dediyi adama səs versinlər. Prezidentə kömək etsinlər. Hamımız Prezidentimizin həyata keçirdiyi islahatlara dəstək verməliyik”.

Xəbər lenti